“Nine Senses” incəsənət mərkəzində “Qobustan kodları” kolleksiyasının nümayişi olub.


Aypara Media "Report"-a istinadən xəbər verir ki, kolleksiyanı yerli "Amorini Concept" brendinin dizayneri Günay Əliyeva təqdim edib.


Müəllif Qobustanın qədim rəmzlərini kişi və qadın geyimlərinin müasir formalarında təcəssüm etdirib.


"Nine Senses Art Center" ilə birgə yaradılan kolleksiya 2024-cü ilin noyabrında açılan və 30 avqust 2025-ci il tarixinədək davam edən “Qobustan kodları” adlı tədqiqat sərgisinin bir hissəsinə çevrilib.


Kolleksiyanın əsas motivi incəsənət adamları və zamanın vəhdətini simvolizə edən çevrə olub. Müəlliflərin fikrincə, insanlar işıqdan yaranıblar və buna görə də əvvəlcədən bir-biri ilə bağlıdırlar.


Qeyd edək ki, “Qobustan kodları” sərgisi insanın və incəsənətin yaradılışı nəzəriyyəsində elmi və ruhani yanaşmaları özündə birləşdirir. Ekspozisiyada Qobustanın beş petroqlifi təqdim olunur ki, həmin petroqliflər qədim simvolların müasir təsviri olan və müasir rəssamın əsərlərində təzahürünü tapmış beş işıq mandalasının yaradılmasında əsas rol oynayıb.